NAMAZIN MÜQƏDDİMƏSİ - Paklığın növləri-2

 İnsan nə qədər ki, bu təbiət aləmində və çirkin maddiyyat mənzilindədir, ilahi qüvvə və İblis güclərinin təsiri altında olacaq. İlahi qüvvə mərhəmət, salamatlıq. xoşbəxtlik, nur, paklıq və kamal qüvvələridir. İblisin gücləri isə bunların əksidir. İlahi qüvvələr şeytani qüvvələrdən üstün olduğu üçün yaradılışın əvvəlində insan fitri və ilahi nuranilik, salamatlıq və xoşbəxtliyə malik olur. Bu haqda müqəddəs hədislərdə tam aşkar, Allahın kitabında isə üstüörtülü şəkildə işarə edilmişdir. (O cümlədən, ayələrin birində buyurulur:

فَأَقَمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهُ الَّتِي فَطَرَ النَّاسَ عَلَيها 

("Haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah insanla hamin fitri din əsasında yaratmışdır." "Rum surəsi, ayə 30. Həmçinin, "Biharul-ənvar", c.3, səh.276 və c.64, səh.130.)

İnsan nə qədər ki, bu dünyadadır, öz ixtiyarı ilə iki qüvvədən birinin hökmranlığı altına düşə bilər. Buna görə də, əgər yaradılışın əvvəlindən sonuna kimi İblis ona təsir edə bilməsə, insan ilahiləşər və həyatı başdan-ayağa nur, paklıq və xoşbəxtlik içində olar. Qəlbində Haqqın nuru cilvələnər və Ondan başqa heç nəyə diqqət etməz. Həm zahiri, həm də batini nurani və pak olar. Haqdan başqa, heç bir hökmdarı olmaz. Ondan İblisə bir pay düşməz və İblisin qüvvələri ona təsir göstərə bilməz. O, şərafətli bir varlıq kimi, tam pak və xalis nur olar, həm keçmiş, həm də gələcək günahları bağışlanar. ("Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın" ayəsinə ("Fəth", 2) işarədir.

O, mütləq fəth sahibidir və böyük məsumluq məqamına malikdir. Bu məqam, əslində, Ona məxsusdur və digər məsumlar o müqəddəs zata tabe olmaqla həmin məqama sahib olurlar. O Həzrət (s) mütləq kamal olan "xatəmiyyət" (peyğəmbərlərin sonuncusu olmaq) məqamına malikdir. O Həzrətin (s) vəsiləri Onun təbiətindən yaradılıb və Onun fitrətinə bağlı olmaqla, eləcə də ona tabe olmaqla mütləq məsumluğa malik olurlar. Onların tabeçilikləri kamildir. Lakin bəzi peyğəmbərlər və övliyalar mütləq məsumluğa malik olmadıqları üçün Şeytanın təsirindən amanda deyillər. Adəmin (ə) ağaca üz tutması şeytanların başçısı böyük İblisin təsirinin nəticəsi olub. İlahi Cənnət ağacı olmasına baxmayaraq, o, ad çoxluğuna malik olub ki, bu da kamil adəmlik məqamı ilə ziddiyyət təşkil edir. Bu, qadağan edilmiş ağacın mənalarından və ya dərəcələrindən biridir. (Mövzu davam etdikcə "ad çoxluğu" ifadəsinin mənası aydın olacaq. red.) Fitrət nuru maddi və mənəvi çirkablara nə qədər çox bulaşsa, bir o qədər də Allah dərgahına yaxınlıq məqamından məhrum olar və sonunda sönər. Bu zaman vücud aləmi bütünlüklə şeytaniləşər, zahir və batin, aşkar və gizlin olan hər şey Şeytanın hökmranlığı altında olar. Beləliklə, Şeytan onun qəlbi, qulağı, gözü, əli və ayağı olar. Onun bütün bədən üzvləri şeytaniləşər. Əgər, Allah eləməmiş, kimsə bu həddə düşsə, mütləq bədbəxt olar və əsla xoşbəxtlik üzü görməz. Bu iki dərəcə və məqam arasında sayını Allahdan başqa heç kəsin bilmədiyi çoxlu məqam va dərəcələr vardır. Kim peyğəmbərlik üfüqünə yaxın olsa, "sağ tərəf əhli"ndən, kim şeytanlıq üfüqünə yaxın olsa, "sol tərəf əhli"ndəndir. Bunu da bilmək lazımdır ki, fitrəti çirkə bulaşdıqdan sonra da təmizləmək mümkündür. İnsan nə qədər ki, bu aləmdədir, Şeytanın təsirindən çıxa və ilahi qüvvə olan mələklər ordusuna daxil ola bilər. Peyğəmbərin (s) kəlamına əsasən, din düşmənləri ilə mübarizədən daha üstün olan və "böyük cihad" adlandırılan "nəfslə cihad"ın mahiyyəti İblisin güclərinin təsirindən çıxıb Allahın hökmü altına daxil olmaqdır. Deməli, təmizliyin ilk mərtəbəsi ilahi qaydalara riayət etmək və Allahın hökmlərinə tabeçilikdir.

İkinci mərtəbə əxlaqi fəzilətlər və gözəl vərdişlərə yiyələnməkdir.

Üçüncü mərtəbə qəlbin paklığıdır, yəni qəlb Allaha təslim edilməlidir. Qəlb Allaha təslim edildikdən sonra nuraniləşər və hətta onun özü nur aləmi və ilahi nur dərəcələrindən birinə çevilər. Qəlbin nuraniliyi digər bədən üzvlərinə və batini qüvvələrə də sirayət edər, bütün bədən aləmi nur üstündən nur olar. Nəhayət, qəlb ilahiləşər və Allah batin və zahirin bütün dərəcələrində təzahür edər. Bu vaxt bəndəlik bütünlüklə faniləşər və rübubiyyət zahir olaraq aşkar olar. Həmin vaxt haqq yolçusunun qəlbində rahatlıq və ünsiyyət meydana gələr və bütün aləm onun məşuqu olar, onun üçün ilahi cazibələr yaranar, səhv və xətaları bağışlanar, məhəbbət təzahürlərinin kölgəsi altında qalar, onun üçün vilayətin görünməmiş qəribəlikləri hasil olar və o, Allahın ünsiyyət dərgahına daxil olmaq ləyaqəti qazanar.


(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.46-49.)

Maide.az – Maarif bölüm

#adabus_səlatkitabı #imamxomeyni imamsadiq #namaz #dua #dünya 

@MaideTV 



Yorumlar

Bu blogdaki popüler yayınlar

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Rəcəb ayının 15-c gününün məxsus əməlləri

Mübarək Rəcəb ayının 27-ci gününün gecəsinin məxus əməlləri